“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask ən çox sərvət itirən şəxs kimi adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb
Axşam.az xəbər verir ki, iş adamının 2021-ci ilin noyabrından bəri itirdiyi məbləğin son olaraq 182 milyard dollar (bəzi hesablamalara görə, 200 milyard dollar, təxminən 309 milyard manatdan çox) olduğu bildirilib.
"Forbes"in 2023-cü ilin yanvarına olan məlumatına görə, Maskın xalis sərvəti 320 milyard dollardan (2021-ci ilki) 138 milyard dollara düşüb. Nəşrin yazdığına görə, bu, biznesmenin sahibi olduğu elektrik avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin dəyərinin 65% azalması ilə əlaqədardır.
Bununla da Maskın itkiləri yapon sahibkar Masayoşi Sonun 58,6 milyard dollarlıq əvvəlki rekordunu xeyli üstələyir. 2000-ci ilin fevralında onun kapitalı 78 milyard dollar olsa da iyulda bu, 19,4 milyard dollara qədər düşmüşdü.
Xatırladaq ki, ötən ilin dekabrında "Tesla" səhmlərinin düşməsi fonunda Mask dünyanın ən zəngin adamı statusunu itirmişdi.