Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən dağılan binanın altında qalan 4 azərbaycanlı tələbənin meyiti tapılıb.
Axşam.az xəbər verir ki, sənət adamları dünyasını dəyişən Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə ilə bağlı paylaşım edərək, ailələrinə başsağlığı diləyiblər.
Xalq artisti Azərin paylaşımında "Hər birinin həyata dair arzusu, gələcəklə bağlı planı... Əllərindən bayraq, dillərindən Vətən kəliməsi düşməyən övladlarımız. Yeriniz cənnət, ruhunuz şad olsun, gənclər. Nə biz sizə doya bildik, nə də siz bu həyata... Başımız sağ olsun, Allah səbr versin" sözlərini qeyd edib.
Xalq artisti Aygün Kazımova tələbələrin fotosunu yayımlayaraq "Valideynlərinə səbr, dözüm arzu edirəm. Allah rəhmət eləsin" sözlərini yazıb.
Xalq artisti Könül Xasıyeva isə paylaşımında "Çox acı, çox... Ümidli idim sağ olacaqlarına. Xəbərdən təkrar çökdüm.Dörd gənc balamız...Arzuları ürəklərində...Xəyalları, gələcəkləri... Hər şey an içərisində məhv oldu. Allah rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun. Allah doğmalarına sonsuz səbr versin" sözlərini yazıb.
Tələbələrlə bağlı paylaşım edənlər arasında Xalq artisti Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artist Abbas Bağırov, müğənnilər Nura Suri, Elvin Abdullayev və başqalaarı da yer alıblar.