Canınızı tərləmədən qurtarın

Canınızı tərləmədən qurtarın
2896 dəfə oxunub
  • A-
  • A
  • A+

Dəri çox mürəkkəbdır. O, insan orqanizminin tamlığını və normal həyat fəaliyyətini təmin etmək üçün çox mühüm funksiyalara malikdir. Dəridə baş verən bütün fizioloji və patoloji proseslər demək olar ki, mərkəzi sinir sistemi ilə bağlıdır. Odur ki, orqanizmin digər orqanlarında baş verən patoloji proseslər, dəridə müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Bu daha çox tərləmə ilə müşahidə edilir.

Axşam.az xəbər verir ki, yay mövsümündə özünü qabarıq şəkildə göstərən tərləmə insana həm fiziki, həm də mənəvi cəhətdən narahatlıq gətirir. Hər bir insan az da olsa tərləyir. Ancaq bəzilərində tərləmə hədsiz dərəcədə çox olur ki, bu da müxtəlif xəstəliklər nəticəsində yaranır. Tərləməyə səbəb sinir sisteminin simpatetik hissəsinin hədsiz dərəcədə çox işləməsi ilə əlaqədardır. İnsanların bir faizində bu sistem normal işləyir.

Tərləmənin əsas səbəbləri sırasında hədsiz köklük, böyrək xəstəlikləri, sinir sistemi xəstəlikləri, vitamin çatışmazlıqları və xərçəng xəstəliyi zamanı istifadə olunan hormonal dərmanlar yer alır. Çox tərləməyə tibb elmində "hipehidrozis" deyilir. Hipehidrozis insanın gündəlik həyatındakı aktivliyinə mənfi təsir edən, onu insanlardan uzaqlaşdıran bir xəstəlikdir. Tərləməyə  qarşı müalicəyə başlamazdan əvvəl onun səbəbləri araşdırılmalıdır. Tərləmə problemi olan şəxsin əvvəlcə çəkisi, qəbul etdiyi dərmanlar, klimaks dövründə olub-olmadığı öyrənilir.

Tər və piy vəziləri ilə orqanizmdən xeyli miqdarda su, duz və piy ifraz olunur. Dəri örtüyünə külli miqdarda səpələnmiş sinir reseptorları orqanizmin xarici mühitlə qarşılıqlı əlaqələrini təmin edir. Belə ki, xarici mühitdən orqanizmə bir çox qıcıqlandırıcılar (fizioloji, infeksion, mexaniki, kimyəvi və s.) daxil ola bilər. Onların hamısı haqqında məlumat sinir reseptorları vasitəsilə mərkəzi sinir sisteminə çatdırılır. Bu zaman tərləmə baş verir. Normal şəraitdə dərinin ümumi səthindən sutka ərzində 400-600 ml. tər ifraz olunur. Qəbul edilmiş xörəyin və mayenin miqdarından və iş xüsusiyyətlərindən asılı olaraq, ifraz edilən tərin miqdarı bir litrə çata bilər.

Ən çox narahat olunan məqamlardan biri də əllərin tərləməsidir. Əllərimizin tərləməsi bir çox fəaliyyəti əngəlləyir. Bu, xəstəlik hesab olunur. Ona stress, zəiflik, vitamin çatışmazlığı, böyrək xəstəlikləri səbəb olur.

Ayağın tərləməsi də böyük problemdir. Bu hal sinir sisteminin pozğunluğu zamanı baş verir. Ayaqların tərləməsi bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu halda ayaqda göbələk xəstəliyi yaranır. Bu xəstəlik zamanı ayaqlar daim quru qalmalıdır, çünki onların tərləməsi göbələk xəstəliyinin daha sürətlə artmasına və bədənin digər hissələrinə yayılmasına da səbəb olur. Belə xəstələrə pambıq corab geyinmələri məsləhət görülür.

Hər gün su və sabunla yuyub, kalium-permanqanat məhlulunda vanna edib, qurulayıb, kirşanlayın. Bundan başqa ayaqları hər gün 3-5 faizli formalin məhlulu yaxud 70 faizli spirtlə ovuşdurmaq da yaxşı nəticə verir. Bu müalicə üsulu orqanizmin həddindən artıq tərləyən digər hissələrində də aparıla bilər.

Qoltuqaltının tərləməsi zamanı hidrodenit xəstəliyi əmələ gəlir. Apokrin vəzilərinin irinli iltihabına hidrodenit deyilir. Xəstəlik qoltuqaltı çuxurda əvvəlcə yüngül qaşınmanın, sonra isə ağrı hissinin əmələ gəlməsi ilə başlanır. Qoltuq altında bir neçə düyünlər əmələ gəlir. Bu zaman dəridə qızartılar görünməyə başlayır. Nəticədə, abseslər (qovucuqlar) meydana çıxır, bir müddət sonra bu qovucuqlar irinli qovucuqlarla əvəz olunur. 

Çox tərləyən insanlar bu vasitələrdən istifadə edə bilərlər:

·    Qoz ağacının yarpağını qırıb, üzərinə bir az su töküb dəmləyin. Soyuduqdan sonra həmin suyla əlinizi yuyun. Bu, əl tərləməsinin qarşısını alır. 
·    Gecə yatmazdan əvvəl ayağınızı ilıq su ilə yuyub, barmaqlarınızın arasına limon sürtün. Bu üsulu bir həftə təkrarlayın. Bu, ayaqdan iy gəlməsinin və tərləmənin qarşısını alır.
·    Nanə, solmazçiçəyi və sürvə (şalfey) qurusunu barmaqların arasına qoyub, corab geyinin, gün ərzində belə gəzin. Ot quruları un halına gəlib, dəriyə hopur. Bu, ayaq tərləməsinin qarşısını alır.
·    Çobanyastığını dəmləyib, suyunu soyudun. Hər gün əlinizi bu suyla vanna edin.