Sentyabrın 3-4-də Sankt-Peterburqda - Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının “İblis və..." tamaşasının premyerası keçiriləcək. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk səhnə əsəri olacaq.
Axşam.az-ın məlumatına görə, teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın nümayişindən əvvəl Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunacaq.
Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Tamaşada Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Elşən Rüstəmov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov iştirak edirlər.
Tamaşa oktyabrın 4-5-6-da isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.