Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb.
Axşam.az xəbər verir ki, görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan “Rooted Hands” layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub.
Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub. Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək.