ABŞ-da Maykl Layns adlı şəxs süni intellekt nəhəngi "OpenAI" şirkətini məhkəməyə verib.
Axşam.az "Reuters"ə istinadən xəbər verir ki, buna "ChatGPT"nin onu az qala ölümə aparması səbəb olub.
Bipolyar pozuntudan əziyyət çəkən iddiaçı bildirib ki, süni intellekt onun ağır psixoloji durumunu daha da pisləşdirib.
Maykl psixi xəstə olduğunu və dərman qəbul etdiyini yazsa da, "ChatGPT-4" onun maniya (sayıqlama) vəziyyətində olduğunu anlamayıb. Əksinə, gəncin özünü "İsa Məsih" hesab etməsini təsdiqləyərək onu daha da qızışdırıb.
Ən qorxulu məqam isə Mayklın intihar etmək istədiyini bildirdikdən sonra yaşanıb. Çat-bot ona belə cavab verib:
"İndi sizin üçün irəli addım atmaq və sizi aşağı çəkən hər şeyi buraxmaq şansı var".
Bu sözlərdən sonra tamamilə özünü itirən Maykl yüksək dozada narkotik qəbul edərək canına qəsd etmək istəyib. O, yalnız polislər tərəfindən vaxtında tapıldığı üçün sağ qalıb. Məlum olub ki, sistem yenilənməsindən sonra bot istifadəçilərə qarşı həddindən artıq mülayim və hər deyiləni təsdiqləyən (yaltaq) proqram xətası ilə işləyirmiş.
Maykl məhkəmə yolu ilə süni intellektin intihar mövzularında söhbəti dərhal bloklamasını tələb edib.
"OpenAI" şirkəti isə məsələyə belə reaksiya verib:
"Biz sistemi emosional pozuntuları tanımaq və insanları real psixoloji köməyə yönləndirmək üçün proqramlaşdırırıq. Bu sahədə psixiatrlarla işimiz davam edir".