Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli olan tau zülalının səviyyəsini qısamüddətli də olsa yüksəldir.
Axşam.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 400-ə yaxın həvəskar futbolçu üzərində araşdırma aparıb. Oyunçulardan matçdan əvvəl və dərhal sonra qan analizləri götürülüb.
Məlum olub ki, oyun zamanı topa başla zərbə vuranların qanında kəllə-beyin travması göstəricisi olan S100B və Altsheymer xəstəliyinin əsas biomarkeri hesab edilən p-tau217 zülallarının səviyyəsi kəskin yüksəlir. Üstəlik, zərbələrin sayı və gücü artdıqca, bu zülalların qandakı miqdarı daha da çoxalıb. Xüsusilə topa iki və daha çox dəfə başla vuranlarda bu artım daha nəzərəçarpan olub.
Bununla belə, alimlər qan göstəricilərinin 1-2 gün sonra yenidən normaya qayıtdığını bildiriblər. Bu qısamüddətli dəyişikliklərin gələcəkdə ciddi beyin xəstəliklərinə səbəb olub-olmadığı hələlik tam sübut edilməyib.