Uzun illərdir reytinqlərdə ön sırada olan "Arka sokaklar" serialı ilə bağlı yeni xəbər yayılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin çəkilişlərini həyata keçirən "D Media" şirkətinin bağlanacağı iddia olunur.
Məlumata görə, əfsanəvi prodüser Türker İnanoğlu 2023-cü ildə vəfat etməzdən bir il əvvəl layihənin istehsalını "Kanal D"nin daxili media şirkəti olan "D Media"ya təhvil vermişdi. Lakin ötən həftələrdə şirkət yaradıcı heyətə və aktyorlara serialın sentyabrda davam edib-etməyəcəyinin qəti olmadığını bildirib. Qeyri-müəyyənliyə görə bəzi aktyorlar artıq yeni layihələrlə müqavilə imzalayıblar.
Yayılan son xəbərlərdə isə "D Media"nın fəaliyyətini tamamilə dayandıracağı vurğulanır. İzləyicilərin gələn çoxsaylı istəklərini nəzərə alan rəhbərlik "Arka Sokaklar"ın final etməməsi üçün yeni formullar üzərində işləyir.
Hazırda serialın istehsal hüququnun başqa bir şirkətə dövr edilməsi gündəmdədir və danışıqlar davam edir. Hələlik heç bir layihə ilə razılaşmayan aktyorlardan isə bir neçə həftə gözləmək istənilib.
"Arka sokaklar"ın 21-ci mövsümünün çəkilib-çəkilməyəcəyi isə yaxın günlərdə bəlli olacaq.