Tək futbolçular yox, onlar da milyonlar qazandılar

Tək futbolçular yox, onlar da milyonlar qazandılar
289 dəfə oxunub
  • A-
  • A
  • A+

2026-cı il FIFA Dünya Çempionatı təkcə futbolçulara deyil, məşhurlara da milyonlarla dollar qazandırıb.

Axşam.az xəbər verir ki, marketinq və brend eksperti Nik Edin hesablamalarına əsasən, turnirin ən böyük qalibi keçmiş ingiltərəli futbolçu Devid Bekhem olub. Bildirilib ki, 51 yaşlı Bekhem turnir ərzində məşhur brendlərin reklamlarında yer alıb. Ekspertlərin qiymətləndirməsinə görə, o, Dünya Çempionatı müddətində sponsorluq və reklam müqavilələrindən təxminən 19 milyon funt-sterlinq gəlir əldə edib.

Siyahıda ikinci yerdə müğənni Şakira qərarlaşıb. Turnirin açılış və bağlanış mərasimlərində səhnəyə çıxan sənətçinin, eləcə də mahnılarının dinlənmə sayındakı artım sayəsində təxminən 15 milyon funt-sterlinq qazandığı iddia olunur. Şakira finalda Burna Boy ilə birlikdə "Dai Dai" mahnısını ifa edib və bununla Dünya Çempionatında dördüncü dəfə səhnə alan sənətçi kimi tarixə düşüb.

Müğənni Castin Biber isə finalın fasilə şousundakı çıxışı və reklam əməkdaşlıqları sayəsində təxminən 12 milyon funt-sterlinq gəlir əldə edib.

Aktyor Timoti Şalame də məşhur marka ilə əməkdaşlığı və final oyunundakı iştirakı hesabına 12 milyon funt-sterlinq qazanıb.

Reallıq-şou ulduzu Kim Kardaşyan Dünya Çempionatı ilə bağlı reklam kampaniyalarından 8 milyon funt-sterlinq, "Blackpink" qrupunun üzvü Lalisa (Lisa) isə sponsor müqavilələri və çıxışlarından 9 milyon funt-sterlinq gəlir əldə edib.

Əfsanəvi müğənni Madonnanın finalın fasilə şousundakı çıxışından qazancının 4 milyon funt-sterlinq olduğu bildirilir.

Siyahıda yer alan digər məşhur isə Bruklin Bekhemdir. Onun "DoorDash" reklamına çəkilməklə təxminən 1 milyon funt-sterlinq, müğənni Susan Boylun isə "Irn-Bru" reklam kampaniyası sayəsində 500 min funt-sterlinq qazandığı qeyd edilib.