Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyətə başlayıb.
Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Avstriya hakimiyyəti binanın neonasistlərin ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə onu polisə təhvil verib.
Məlumata görə, dövlət evi 2017-ci ildə uzun sürən mübahisələrdən sonra məcburi qaydada əvvəlki sahibindən alıb. Binada əvvəllər əlillərə yardım göstərən xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. 2019-cu ildə isə onun yenidən qurularaq polis bölməsinə çevrilməsi qərara alınıb.
Binanın qarşısında Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində "Faşizm – bir daha əsla" sözləri yazılmış xatirə daşı saxlanılıb. Abidədə Hitlerin adı qeyd olunmayıb.
Avstriyanın Daxili İşlər Nazirliyinin tarix şöbəsinin rəhbəri Ştefan Mlyçox bildirib ki, məqsəd binanın Hitlerlə bağlı simvolik mənasını aradan qaldırmaq və onun ətrafında formalaşan mistik yanaşmanı dağıtmaqdır.
Qeyd edək ki, Adolf Hitler 1889-cu ildə həmin evdə dünyaya gəlsə də, orada cəmi bir neçə həftə yaşayıb. Nasist rejimi dövründə binada incəsənət muzeyi fəaliyyət göstərib və tikili "Fürerin doğulduğu ev" kimi tanınıb.