İtaliyalı aktrisa Ornella Muti və müğənni qızı Nayke Rivelli Rusiya vətəndaşlığı almaq üçün müraciət edib.
Axşam.az xəbər verir ki, bu barədə Nayke Rivelli "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.
"Ona görə Rusiya vətəndaşlığı almaq üçün müraciət edirik ki, özümüzü həqiqətən evimizdə hiss edək. Rus köklərimiz var və mənşəyimizdən, ailəmizdən, dostlarımızdan imtina edə bilmərik" deyə, o bildirib.
Rivellinin sözlərinə görə, bir çox italiyalı Rusiyanı, bu ölkənin insanlarını və mədəniyyətini sevir. O əlavə edib ki, pandemiya dövründə də rusiyalıların dəstəyini hiss ediblər.
Məlumata görə, Ornella Muti və qızı Moskva və ya Sankt-Peterburqda ev almağı planlaşdırır. Onlar ailələrinin digər üzvlərini də Rusiyaya köçürmək niyyətindədirlər.
Qeyd edək ki, əsl adı Françeska Romana Rivelli olan Ornella Muti 1955-ci il martın 9-da Romada anadan olub. Aktrisa xüsusilə Adriano Çelentano ilə baş rolları paylaşdığı "Şıltağın ram edilməsi" və "Dəli kimi aşiq" filmləri ilə dünya şöhrəti qazanıb.