"Əgər birini sevirsənsə..." - Ülviyyə Rəhmanova

"Əgər birini sevirsənsə..." -  Ülviyyə Rəhmanova
3547 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Rəhmanova “nargismagazine.az”saytının “Söhbət” rubrikasında maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, müxtəlif mövzuları müzakirə edən Ü.Rəhmanova əcnəbilərlə azərbaycanlıları müqayisə edib:

“Düşünürəm ki, əcnəbilərlə ünsiyyət qurmaq çətindir. Yeməyi təqdim etməkdən tutmuş, mədəniyyətə qədər hər şey fərqlidir. Boş, amma təmtəraqlıdır. Onlarda masanı necə düzəldirlər, bizdə necə? Böyük boşqab, ortasında isə bir damcı yemək. Süfrə mədəniyyəti Bakıda mənim daha çox xoşuma gəlir. Hər şeyin qaydasında, konkret olmasını sevmirəm. Xoşlayıram ki, küçəyə çıxım, on insan görüm – biri başadüşülən, adi, digər doqquzu isə qeyri-adi olsun. Bugünkü Bakı çox gözəldir. Biz hamımız isə onun daha da yaxşı olması üçün çalışırıq. O vaxtlar Bakı tam fərqli idi: məsələn, dəbdəbəli restoranlar yox idi. Bir-iki restoran var idi, hamımız ora yollanırdıq. Mənim yaşadığım Londonda isə hər zövqə uyğun fərqli məkanlar mövcud idi. Bakıda bir kinoteatr var idi, hamımız ora gedir, xoşbəxt olurduq”.

Ü.Rəhmanova sevgidən də bəhs edib:

“Düşünürəm ki, əgər insan sevirsə, hər yer onun üçün “sevgilər şəhəri” olacaq. Vacib deyil, bura Parisdi, yoxsa Bakı və ya Madaqaskar. Əgər birini sevirsənsə, onun olduğu hər yer sənə yaxşıdır, ətrafdakı hər şey dəyişir, fərqli rəngdə görünür. Sevməyəndə isə yanındakı insanla Parisdə Eyfel qülləsində və ya Bakıda Qız qalasında olmağın fərq etməyəcək”.

Parisdən danışan Ü.Rəhmanova “Əgər sevəcəyin insan əcnəbidirsə, necə? Arada dil baryerləri olanda, aldadacaqlar” sualına isə belə cavab verib:

“Parisdə də aldadanlar var. Orada da fırıldaqçılar az deyil. Avropalılar müasir ola bilərlər, amma onlar həyatı fərqli yaşayırlar. Bu nə yaxşı, nə də pisdir. Mədəniyyət fərqlidir. Bizdə qərarları tez qəbul etmək, çılğınlıq yoxdur. Onlar ailə qurarkən çətin qərar verirlər, bunun üçün nə qədər əmək sərf edirlər. Bizim azərbaycansayağı “əşi” onlarda yoxdur. Bax, fransızlarda bu ifadə çatışmır”.

“Oğlunuz Arif Parisdə dünyaya gəlib. Bu, o şəhəri özəl etmir” sualına isə baş redaktorun cavabı belə olub:
 
“Yox... Hər bir şəhərdə pis və yaxşı hadisələr baş verir. Mən oğlumu Parisdə dünyaya gətirməyi planlaşdırmamışdım, bu, ani oldu. Bir neçə günlük getdim və səfər uzandı. Hətta orada doğum şöbəsində belə fransızlardan soyuq enerji alırsan: sakitdirlər, laqeyddirlər. Bu, bir hadisəni ilk dəfə yaşayan qız üçün asan qarşılaşma deyildi. Mən temperamentli insanam, adamlarımız da elədir. Parisdə bakılıların istiliyi, emosiyaları, temperamenti çatışmır”.