Novruz Festivalı başa çatıb - fotolar

Novruz Festivalı başa çatıb -  fotolar
952 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz münasibətilə təşkil edilən II Beynəlxalq Novruz Festivalı yekunlaşıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, havanın yağmurlu olmasına baxmayaraq festivalın son günündə də musiqili, əyləncəli-bədii bayram proqramı, sərgilər və digər tədbirlər keçirilib.

Festivala Azərbaycanla yanaşı, yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri qatılıb.

Festival münasibətilə Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, suvenirlər, kitablar, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənib.

Novruz bayramı şənlikləri, həmçinin bir-birindən maraqlı çoxsaylı tədbirlərlə qeyd edilib. Belə ki, pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərib, Bakı Uşaq Teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Festival çərçivəsində, həmçinin Əliağa Vahidin heykəli qarşısında da konsert proqramları keçirilib.

Qeyd edək ki, bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçirilib.

“Qala” Qoruğunda təşkil edilən iki günlük Novruz tədbirləri ilə əlaqədar olaraq Qoşa qala qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərib.

Dörd gün davam edən II Beynəlxalq Novruz Festivalı paytaxt sakinləri ilə yanaşı, turistlərin də böyük marağına səbəb olub.