Boks yarışları başa çatıb - fotolar

Boks yarışları başa çatıb -  fotolar
2536 dəfə oxunub
  • A-
  • A
  • A+

"Baku Crystal Hall”da boks yarışları davam edir.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, qadınların yarışında 51 kiloqram çəki dərəcəsində səkkizdəbir final mərhələsinin oyunları keçirilir. İlk görüşdə Rusiya idmançısı Yelena Savalyova irlandiyalı Mişela Valşa qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Növbəti görüşlər finlandiyalı Marjut Lausti və italiyalı Mariya Davide, almaniyalı Azize Nimani və Fransa boksçusu Delfin Mançini arasında keçiriləcək.

Bu çəki dərəcəsində Azərbaycan boksçusu Anna Əlmərdanova birbaşa döddəbir final mərhələsindən mübarizəyə qoşulacaq. Onun rəqibi Bolqarıstan idmançısı Stanimira Petrova olacaq.
____________

“Bakı-2015” birinci Avropa Oyunlarında iyunun 20-də rinqə çıxacaq Azərbaycan boksçularının rəqibləri müəyyənləşib. Belə ki, bu gün “Baku Crystall Hall”da keçiriləcək döyüşlərdə iki təmsilçimiz iştirak edəcək.

52 kiloqram çəki dərəcəsində mübarizəyə Elvin Məmişzadə qoşulacaq. Avropa çempionatının mükafatçısı səkkizdəbir finalda belaruslu İvan Fiqurenkanı məğlub edən irlandiyalı Mayles Kasey ilə görüşəcək.

Daha sonra Rio-de-Janeyro Olimpiadasına artıq vəsiqəni təmin edən Albert Səlimov (60 kq) çıxış edəcək. O, bu mərhələdə latviyalı Artyom Ramlavsı məğlub edən Gürcüstan boksçusu Otar Eranosyan ilə qarşılaşacaq.
__________

Boksçularımız günə uğurla başlayıblar.

Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə irlandiyalı rəqibinə heç bir şans verməyib. Rəqibindən üstün döyüş nümayiş etdirən boksçumuz 3:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib.
___________

Azərbaycanın digər boksçusu da döyüşünü qələbə ilə başa vurub. Albert Səlimov (60 kq) gürcüstanlı rəqibi Otar Eranosyanı 3:0 hesabı ilə məğlub edərək adını dörddəbir finala yazıb.
________________

Boks yarışlarının beşinci gününün ilk yarısının görüşləri başa çatıb.

Səhər seansına qadın boksçuların 51-54 və 60-64 kiloqram çəki dərəcələrində səkkizdəbir final qarşılaşmaları ilə start verilib. Bu mərhələdə Rusiya, İtaliya (2), Almaniya, Polşa, Rusiya və Böyük Britaniya idmançıları qələbəyə sevinən tərəf olublar.

Kişi boksçuların yarışı böyük marağa səbəb olub. Belə ki, Azərbaycanın 52 və 60 kiloqram çəki dərəcələrində rinqə çıxan hər iki idmançısı – Elvin Məmişzadə və Albert Səlimov görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Boksçularımız müvafiq olaraq irlandiyalı Mayles Kasey və Gürcüstanı təmsil edən Otar Eranosyanı məğlub ediblər (3:0). Bu çəki dərəcələrində digər görüşlər Bolqarıstan-İspaniya, Almaniya-Ukrayna, Gürcüstan-Rusiya, Bolqarıstan-Ermənistan, Slovakiya-Türkiyə və İrlandiya-İtaliya idmançıları arasında keçirilib. Qarşılaşmaların nəticələrinə əsasən 52 kiloqramda Bolqarıstan, Almaniya və Rusiya, 60 kiloqram çəki dərəcəsində isə Bolqarıstan, Türkiyə və İrlandiya idmançıları “Bakı-2015”-də çıxışlarını davam etdirmək hüququ qazanıblar.