Komanda yarışlarında qızıl medal sahibi bəlli oldu - fotolar

Komanda yarışlarında qızıl medal sahibi bəlli oldu -  fotolar
947 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının sonuncu gününün mübarizəsi başlayıb.

Axşam.az-ın məlumatına görə, bu gün qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəşaçma, 10 metrdən hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçiriləcək.

Qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş və dairəvi stend yarışlarında Azərbaycan idmançıları da iştirak edirlər.
________________

Qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi ilə atəşaçma yarışının yarımfinalçıları müəyyənləşib. Təsnifat mərhələsindən yarımfinala İtaliya, Serbiya, Norveç, Macarıstan, Danimarka, Rusiya, Avstriya, Xorvatiya komandaları vəsiqə alıb.

Bu yarışda Azərbaycan atletləri iştirak etməyib.

Qarışıq komandaların 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının da yarımfinalçıları məlum olub. Azərbaycan komandasının da iştirak etdiyi yarışın təsnifat mərhələsindən yarımfinala 8 komanda - İspaniya, Latviya, Ukrayna, Yunanıstan, Rusiya, Almaniya, Polşa və Serbiya çıxıb.

Təsnifat mərhələsində 473 xal yığan Azərbaycan komandası yarımfinala vəsiqə əldə edə bilməyib və mübarizəni 10-cu yerdə başa vurub.

Azərbaycanı bu yarışda İradə Aşumova və Ruslan Lunev təmsil ediblər.
____________

Qarışıq komandaların 10 metr məsafədən hava tüfəngi ilə atəşaçma yarışının finalına İtaliya və Danimarka milliləri vəsiqə qazanıb. 

Bürünc medal uğrunda isə Serbiya və Rusiya komandaları qarşılaşacaq.
________

Qarışıq komandaların dairəvi stend yarışının yarımfinalçıları müəyyən olub.

Azərbaycan komandasının da iştirak etdiyi yarışın təsnifat mərhələsindən yarımfinala Almaniya, Kipr, Slovakiya, Çexiya, İtaliya və Fransa çıxıb.

Təsnifat mərhələsində 87 xal yığan Azərbaycan komandası yarımfinala vəsiqə əldə edə bilməyib və mübarizəni 11-ci yerdə başa vurub.

Azərbaycanı bu yarışda Emin Cəfərov və Nurlana Cəfərova təmsil ediblər.
__________________

İtaliya yığma komandası dairəvi stend üzrə qarışıq komanda yarışının qalibi olub.

Qızıl medal uğrunda mübarizədə İtaliya komandası Kipr yığmasını məğlub edərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. İtaliyanı Valerio Luçini və Diana Bakosi təmsil ediblər.

İkinci yerə Kipr millisi, üçüncü yerə isə Fransa komandası çıxıb.

Sonra qaliblər mükafatlandırılıb.