Samboçularımız 4 gümüş medal qazandı - fotolar

Samboçularımız 4 gümüş medal qazandı - fotolar
4274 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" birinci Avropa Oyunlarında sambo yarışları keçirilib. 

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışlarda samboçularımız Avropa Oyunlarını 4 gümüş medalla başa vurublar

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Samboçumuz yarımfinalda bolqarıstanlı Martin İvanovu məğlub edib.

Qızıl medal uğrunda görüşdə Amil Qasımov Belarus idmançısı Stepan Papova 0:4 məğlub olaraq gümüş medal əldə edib. Papov oyunda zədələnən Amili çiyinlərinə alaraq meydandan çıxarıb. Onun bu jesti tamaşaçılar tərəfindən alqışlanıb.

_____________________________

İslam Qasımov (57 kq) Rumıniya təmsilçisi Ornaldo Qruiaya qalib gələrək Heydər Əliyev adına İdman Sarayında olan azarkeşlərimizi sevindirib. Yarımfinalda gürcüstanlı Vaxtanqi Çidraşvili üzərində qələbəsi samboçumuza finalda mübarizə aparmağa imkan verib.

Qızıl medal uğrunda görüşdə samboçumuz Rusiya təmsilçisi Aymergen Atkunov ilə görüşdə 0:4 hesabı ilə məğlub olub.
____________________

Yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan samboçumuz Kənan Qasımov birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. Ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov yarımfinala yüksəlib. O, yarımfinalda Rusiya təmsilçisi Alsim Çernaskulova uduzaraq bürünc medal uğrunda mübarizə aparacaq.
 
Üçüncü yer uğrunda görüşdə Kənan Qasımov Gürcüstan idmançısı Davit Karbelaşvili ilə qarşılaşıb.

Görüş ərzində hesabda iki dəfə önə çıxmasına baxmayaraq, səhvləri üzündən edilən xəbərdarlıqlar səbəbindən Kənanın xalları silinib. Nəticədə hakimlərin rəyinə əsasən 1:1 hesabı ilə başa çatan görüşün qalibi gürcü samboçu Davit Karbelaşvili olub.
_______________

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Vasif Səfərbəyov makedoniyalı rəqibi Bajro Maşvokijə qalib gələrək yarımfinal adlayıb. O, yarımfinalda Ukrayna idmançısı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib.

Birinci Avropa Oyunlarının çempionu adını qazanmaq üçün samboçumuz sambonun vətəni sayılan Rusiyanı təmsil edən A.Osipenko ilə qarşılaşıb.

Osipenko vaxtından əvvəl - 8:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının çempionu olub. V.Səfərbəyov isə gümüş medalla kifayətlənməli olub.
_____________

Qadınların 52 kiloqramdan aşağı çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Nəzakət Xəlilova dörddəbir final mərhələsində rumıniyalı Kordina Yuneskunu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda litvalı Ruta Aksionovaya 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə adlayıb. İdmançımız finalda rusiyalı Anna Xaritonova ilə qızıl medal uğrunda mübarizədə 0:5 məğlub olaraq gümüş medal qazanıb.
______________

Yarışda qadınların 60 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Azərbaycan samboçusu Şəhanə Hüseynova dörddəbir mərhələsində rusiyalı Yana Kostenkoya məğlub olaraq medal uğrunda mübarizəni dayandırıb.

Qadınların yarışında Azərbaycan samboçusu Şəhanə Hüseynovanın (60 kq) dörddəbir final mərhələsində məğlub olduğu rusiyalı Yana Kostenko finala adladığından idmançımız təsəlliverici mərhələdən yarışa qoşulub. Bu mərhələdə samboçumuz gürcüstanlı Şorena Şaradzeni 2:0 hesabla məğlub edib. İdmançımız bürünc medal uğrunda mübarizədə belaruslu Katsiarina Prakapenka ilə güclərini sınayacaq.

64 kiloqramdan aşağı çəki dərəcəsində yarışan idmançımız Fəridə Qurbanova isə ilk görüşündə moldovalı Yekaterina Kretuya məğlub olub.

Bir digər qadın idmançımız Nərminə Əlizadə (-67 kq) dörddəbir final mərhələsində belaruslu Volha Namazavaya məğlub olaraq "Bakı-2015"-də medal uğrunda mübarizəni dayandırıb. O, bürünc medal uğrunda mübarizə aparacaq. O, medal uğrunda fransalı Selin Konde ilə qarşılaşacaq.