Paralimpiyaçılarımız bir dəst medal qazandı - yenilənib+foto

Paralimpiyaçılarımız bir dəst medal qazandı -  yenilənib+foto
11238 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıb.

Axşam.az-ın məlumatına görə, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.

Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdan biri - 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qatılıb.

O, yarımfinalda Yunanıstan təmsilçisi Klimiz Papaxristos ilə qarşılaşıb. Adlı-sanlı paracüdoçumuz rəqibinə heç bir dəqiqə də tamami üzərində qalmaq şansı verməyib. Paracüdoçumuz azarkeşlərin gur alqış sədaları altında yunan idmançını saxlama (asai-komi) fəndinə salıb və vaxtından əvvəl qalib gələrək adını yarışların finalına yazdırıb.

İlham finaldakı rəqibi Oleksandr Pominovu da məğlub edərək qızıl medal qazandı.

Həmin çəkidə digər təmsilçimiz Zakir Mislimov isə 1/4 final mərhələsində ukraynalı rəqibinə məğlub olduğundan bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. Burada o, fransalı rəqibinə qalib gələrək 3-cü yer uğrunda görüşə çıxmaq hüququ əldə edib.

Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi Yunanıstan təmsilçisi Klimis Papaxristos olub.

Görüş ərzində fəal güləşən təmsilçimizin qarşısında rəqibi 3 şido cərimə xalı ilə yadda qalıb. Sonda isə rəqibini ipponla qiymətləndirilən fəndə salan Zakir vaxtından əvvəl qalib gələrək Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında isə təmsilçimiz Səbinə Abdullayeva da finala adlayıb. O, finalda Ukrayna təmsilçisi İnna Çernyakla üzləşib.

Görüş ərzində bir yuko xalı ilə irəlidə olmasına baxmayaraq, təmsilçimiz üstünlüyünü qoryub saxlaya bilməyib. Görüşün ortasında ipponla qiymətləndirilən fənd işlədən Ukraynalı idmançı qalib gələrək Avropa Oyunlarının qızıl medalını qazanıb. Səbinə Abdullayeva isə Oyunlarına gümüş medalını əldə edib.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, burada paralimpiyaçıların yarışı keçirilir. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edir. Onlardan biri qadınların, digər ikisi isə kişilərin yarışında mübarizə aparır.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-i - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb. Ona görə də, indi komanda medalı yalnız paracüdoçulardan gözləyir.