Cənubi azərbaycanlı oftalmoloq-terapevt Məhəmməd Rza Cavanşir Axşam.az-a müsahibə verib. Bir müddətdir Bakıdakı "N Med Center" özəl klinikasında fəaliyyət göstərən oftalmoloq-terapevt müsahibəsində müasir dövrdəki göz xəstəliklərindən, onların yaranma səbəblərindən danışıb.
- 1998-ci ildə Tehranda Tibb universitetinə daxil olmuşam. Xarici ölkələrdə peşəm üzrə biliklər əldə etdikdən sonra rayon xəstəxanalarından birində işə başladım. Daha sonra Təbrizin özəl klinikalarından olan “Luğman”, “Hafiz”də çalışdım. Əvvəllər ümumi xəstəlikləri müalicə edirdim. Sonradan oftalmoloq kurslarına getdim. İndiyədək 15 kitabım, Amerikada isə “Böyrək köçürülməsi” ilə bağlı məqalələrim çap olunub. Tibbin “daxili orqan və göz” sahəsində boşluqlar var idi. Mən bu boşluğu doldurmağa çalışdım. Bəzən xəstə gözündən şikayət edir. Əslində, bu problem başqa xəstəliklərdən də qaynaqlana bilər. Bunu bilmək vacibdir. Məsələn, revmatizmdən əziyyət çəkənlərin gözündə də ciddi problemlərin yaranması mümkündür. Mənə immunoloji xəstəliklər mütəxəssisi kimi Azərbaycanda işləməyi təklif etdilər. İmmun sistemli xəstəliklər özünü müxtəlif cür göstərdiklərindən onlara diaqnoz qoymaq çox çətindir.
- Son vaxtlar hansı göz xəstəlikləri daha geniş yayılıb?
- Uveyt adlanan xəstəlikdən daha çox şikayətlənirlər. Bu xəstəlik allergiya kimi gözdə qızartı əmələ gətirir. Bu fəsad sonradan bütün orqanlara ötürülə bilər. Bəzən gənc bir adam səhər yuxudan oyanır və heç nə görmür. Bunun səbəbini tapmaq çox çətindir. Belə insanların kor qalmaq ehtimalı daha yüksəkdir. Buna görə də vaxtında müayinə mütləqdir. İmmunoloji xəstəliklər son dövrlərdə daha çox yayılmağa başlayıb. Göz bədənin dünyaya pəncərəsidir. Gözü təhlükəyə salan immunoloji xəstəliklərdir. Bəzi xəstəliklər var ki, onu müalicə etmək olur. Bunun üçün problem başlayanda tez həkimə müraciət etmək lazımdır. İnsanların çoxu isə iş-işdən keçəndən sonra həkim yanına gəlirlər.
- Bu gün insanlar vaxtlarının çoxunu kompüter qarşısında keçirirlər. Bu gözə nə qədər ziyandır?
- Kompüter qarşısında işləməyin nə qədər ziyanlı olduği hələ tibbi cəhətdən izah olunmayıb. Kompüterdən “X-Rayder” adlı şüalar gəlir. Həmin dalğaları biz işıq kimi görə bilmirik. O göz hissəsinin dibini yandırır. Bir sindrom da var ki, “Aysio” adlanır. Göz dibinin makulyar hissəsində yeni bir damarlar əmələ gəlir və bu görməni zəiflədir. Bu heç də yaşla bağlı bir problem deyil. Gənc insan da göz problemindən əziyyət çəkə bilər. Bunun bir səbəbi isə məhz kompüter qarşısında çox əyləşməkdir.
- Bəs, işlərini kompüterlə həll edənlərə məsləhətiniz nədir?
- Monitordan 70 santimetr uzaqda əyləşmək lazımdır. Qaranlıq otaqda kompüterə baxmayın. Yazı yazarkən işığın düşmə uzaqlığını düzgün müəyən edin. Yazıya kölgə düşməsi də gözə ziyandır.
- Göz yorğunluğunu aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Göz yorğunluğu bədən yorğunluğuyla eynidir. Oturaq həyat tərzi, qapalı yerlərdə çox vaxt keçirmək gözdə yaranan problemlərin ilkin səbəbləridir. Bunlar cismi hərəkəti azaldır, əzələlərdə boşalmaya səbəb olur. Gözdə spazma əmələ gəlir və zəiflik yaranır. Mən gözdəki hansısa bir problemi təyin etməklə yanaşı, orqanizmdəki problemin də kökünü müəyyənləşdirirəm. Göz xəstəliyini müalicə etmək üçün əvvəlcə onu yaradan problemləri ortaya çıxarmaq mütləqdir.
Ünvan: Yasamal r.-nu Şərifzadə 160 A, "N Med Center"
Tel.: (055) 406 91 91
(050) 625 00 66