Rəqqasə Aytən Əliyeva “Oriental” brendindən danışıb.
Axşam.az-a açıqlama verən sənətçi brendi almaq üçün xərclədiyi məbləğdən danışıb:
“Firma özümündür. Onu yaratmaq üçün 20 min pulum gedib. Materialları xaricdən gətirirəm, Moskvada istehsal olunur. Yaxın günlərdə mağazam açılacaq. Bütün modellər özümündür. Oğurluq etmərəm. Bir-iki brend var ki, onlardan model götürmüşəm. Onların satışı 3500 manatdır, mənim mağazamda isə qat-qat ucuz olacaq. Başım bu işə o qədər qarışıb ki, başqa tədbirlərə qatıla bilmirəm. Ayaqqabılarım 150 manatdan 800 manata kimi olacaq. Çox keyfiyyətlidirlər. “Oriental” adının brend dəmirlərinə kimi hazırlatdırmışam”.
Aytən devalvasiyanın biznesinə təsirindən qorxmadığını bildirib:
“Bir insan nəyisə istəyirsə, həvəsi olursa, edir. Bu işdən pul qazanmağı düşünmürəm. Qoyduğum pulu götürüm, bəsimdir. Çox həvəsliyəm, istəyirəm kiminsə ayağında görəndə fəxr edim. Nəyim varsa, bu işə qoyacam. Devalvasiya ərəfəsində Türkiyədən gələndə iki çemodan ayaqqabı gətirdim, batırdım. Həm də keyfiyyətsiz oldu. Moskvada isə daha yaxşıdır. Bütün hamısı təsdiqlənib, dəriyə ziyanı olub-olmaması yoxlanılıb”.
Rəqqasə türkiyəli model Ebru Şancının ona iş təklif etdiyini deyib:
“Mağazam hələ açılmayıb, amma o qədər şəriklik təklifi alıram ki... Türkiyəli model Ebru Şancı gəlinlik libaslarını burada satmağı təklif edib”.
A.Əliyeva Azərbaycanda oriental rəqsi özünün inkişaf etdirdiyini söyləyib:
"Azərbaycanda orientalda rəqs üzrə birinci özüməm. Başqa rəqqasələr mənim qılıncımın altından keçir. Mən efirə çıxmasam, bu rəqs unudulur. Verilişlərə çıxıram, insanlar başlayır danışmağa. Onu dəbə salan özüməm. Mən görünmürəmsə, orientalın adı batır".
Foto: Ramin ASLANOV