“Səmranın çıxışını çox bəyənim. Çoxları qınayır ki, böyük şou göstərmədilər. Amma hər dəfə bunu etmək olmur. “Miracle”ın nəqarəti çox yaddaqalandır. “Eurovision”da zövqlər hər dəfə dəyişir, beləcə, münsiflərin xalları da fərqlənir”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib. “Eurovision” təmsilçilərimizdən olan ifaçı müsabiqənin builki iştirakçısı Səmra Rəhimli və “Miracle” mahnısı ilə bağlı fikirlərini bölüşüb:
“Burada bir az da siyasət var. Elə ölkə olub ki, getmişik, böyük şou göstərmişik, amma müsabiqədə 1 xal veriblər. Elə ölkə də varıydı ki, heç orda promo-turumuz olmayıb, gəlib finalda bizə ən yüksək xalı verib.
Bir də sosial şəbəkədə şərhlər yazanlara demək istəyirəm ki, etməyin. Bizə qıraqdan baxanlar var, ayıbdır. İndi cavanlar ingilis dilində də şərhlər yazırlar. Yarışmanın münsifləri də görür ki, biz öz ifaçımıza necə yanaşırıqsa, ona uyğun xal verirlər. Bu əsəbi, təhqiredici şərhləri yığışdırın. Xoşuna gəlmir, yan keç.
Bu il ən çox Rusiyanı bəyəndim. Ən yaddaqalan şou idi. Əgər mən olsaydım, belə bir şou arzulayardım”.
S.Cavadzadə yarışmanın qalibi Camala ilə bağlı fikirlərini bölüşüb:
“Ukrayna ifaçısı yaxşıdır, amma siyasətə toxunmamalıydı. Mən müğənnilərin belə addım atmasını xoşlamıram. Camalanın birinci olması, “Eurovision”ın siyasətlə bağlı olduğunu bir daha sübut etdi”.
Bir müddət əvvəl əməkdar artist Murad Dadaşovun “M group” şirkətində işə başlayan və yeniliklər vəd edən müğənni işin baş tutmamasından danışıb:
“Murad Dadaşovla elə münasibətimiz var ki, nəsə alınmayanda bir-birimizdən küsmürük. O mənim böyük qardaşımdır. Nəsə dedi, başı qarışdı və etmədi. Eybi yox”.
S.Cavadzadə "O səs türkiyə" yarışmasının qalibi olan həmkarı Elnur Hüseynovdan söz açıb:
“Biz həmişə efirdə eyni vaxtda görünürük. Mənə demişdilər ki, Elnur Türkiyədə, sən isə “Maşın” şodasan. Yenə ikiniz eyni vaxtda gündəmə gəldiniz. Bu haqda heç vaxt sözləşməmişik. Elnurun uğurlarına çox sevinirəm. O artıq Türkiyədə yaşayır. Bu yaxınlarda İstanbula gedəndə görüşdük, hər şey əladır. Küsülü olduğumuz deyilsə də, yalandır. Bu cür şayiələr mənə təsir etmir”.
Müğənni efirlərdə görünməməsini qınayanlara cavab verib:
“İndi heç efirə baxan yoxdur. Məndən efir yox, kliplər, konsertlər, yeni mahnılar gözləyin. Mən bir mahnı verib, yenə geri çəkilmək istəmirəm. Gövhər Həsənzadədən bir mahnı oğurlamışam (gülür). İndi gedib onu oxumalı, aranjiman etdirməliyəm. Gövhər xanım İnqridlə məşğuldur, bizə vaxt ayıra bilmir".
Foto: Ramin ASLANOV