Teleaparıcı, şoumen və aktyor Tural Əsədovu "buro247.az" saytına səyahətlərindən danışıb.
Axşam.az həmin müsahibəni təqdim edir:
- Tural, bir neçə ay öncə Amerikada səfərdə idiniz. Okeanın o tayı ilə bağlı təəssüratlarınız necədir?
- Bu, Amerikaya birinci səfərim deyildi, ancaq bu dəfə istirahət məqsədilə deyil, yeni filmin çəkilişləri ilə əlaqədar getmişdik. Çəkilişlər Nyu-York şəhərində aparılırdı. Nyu-York haqqında çox danışmaq olar. Artıq hava limanından çıxarkən elə bilirsən ki, dəfələrlə bu şəhərdə olmusan, çünki filmlərin çoxu məhz burada çəkilib. Nyu-Yorkda heç kim qonaq deyil, hamı özünü yerli sakin hesab edir. Bu şəhəri təsvir etməyə isə mən nə Azərbaycan, nə də rus dilində söz tapa bilmirəm. Sadəcə, oranı görüb, həmin energetikanı hiss etmək lazımdır.
- Nyu-Yorkla Amerikanın digər şəhərləri arasında hansı fərqlər var?
- Getdiyim bütün şəhərlərin arasında yaşaya biləcəyim yeganə şəhər yəqin ki, Nyu-York olardı. Oranın energetikası və ritmi mənə çox yaxındır. Bəzi şəhərlər isə yalnız gəzib-görmək üçün yaxşıdır. Məsələn, Las-Veqas öz əyləncələri, şouları və kazinoları ilə məşhurdur. Biz orada Cirque du Soleil, Maykl Ceksonun şoularında, Castin Timberleykin və Maroon 5 qrupunun konsertlərində olduq.
- Səyahətlər zamanı yeni nə öyrənirsiniz?
- Öyrəşdiyin mühiti dəyişməyin özü artıq yeni təəssüratdır. Bu isə insana yeni ideyalar verir, bəzi hallarda hər hansı məsələyə fikrin, münasibətin dəyişir. Düşünürəm ki, səyahətlər hər bir insana individual təsir göstərir.
- İlk səfərinizi necə xatırlayırsınız?
- Sovet illərinə təsadüf etmişdi, valideynlərimlə Kalininqrada yola düşürdük. Yadımdadır, təyyarəyə daxil olan kimi ağlamağa başlamışdım, əl-üzümü yuyandan sonra sakitləşdirə bilmişdilər (gülür).
- Tək, yoxsa ailə və ya dostlarla səyahətlərə üstünlük verirsiniz?
- Gedəcəyim şəhərdən və səfərin məqsədindən asılıdır. Turistik yerləri xoşlamıram, daha çox yerli sakinlərin olduğu restoranlara getməyə üstünlük verirəm, çünki orada həm ab-hava, həm qulluq, həm də qiymətlər fərqlidir. Ancaq hər bir şəhərdə mütləq görülməli yerlər var. Məsələn, Barselonada "La Sagrada Familia"nın (Müqəddəs Ailə Kilsəsi - red.) ən hündür nöqtəsinə qalxan, Antonio Qaudinin ev-muzeyinə gedən azərbaycanlıya az rast gəlmişəm.
- Hara yenidən qayıtmaq istərdiniz?
- Bəsit səslənsə də, Romaya. Orada dörd dəfə olmuşam və yenə də qayıtmaq istəyərəm. Romanı gəzmək üçün dörd gün kifayətdir. İtaliyaya getməyi planlaşdıranlara məsləhət görərdim ki, kirayə avtomobil götürsünlər. Biz həyat yoldaşımla İtaliyanın cənubunu - Romanı, Florensiyanı, Neapolu, Pompeyi avtomobillə gəzmişdik və məhz bu səyahətdən böyük həzz aldıq.
- Hansı ölkənin mətbəxini bəyənirsiniz?
- Yeməyə qarşı çox tələbkaram. Daha çox italyan mətbəxini bəyənirəm.