Müğənni-bəstəkar Eminin "Jara" festivalı baş tutub.
Axşam.az-ın məlumatına görə, "Sea Breeze" istirahət mərkəzində gerçəkləşən tədbirdə Rusiya şou-biznesinin tanınmış simaları iştirak edib. Məşhurlar əvvəlcə qırmızı xalçadan keçərək, qonaqları salamlayıblar.
Qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra “Jara” Beynəlxalq Musiqi Festivalına start verilib.
Əməkdar artist Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət edib, festival “Rast” qrupunun çıxışı ilə başlayıb.
Emin Ağalarov festivalın təşkilində göstərilən dəstəyə görə prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib:
“Başlıcası odur ki, festivalda iştirak etmək üçün heç kimi dilə tutmaq lazım gəlmədi. Çünki bizim Prezident və onun komandası Bakını hər kəsin gəlib görmək istədiyi gözəl bir məkana çevirib”. Emin Ağalarov bildirdi ki, bu festivalın doğma şəhəri Bakıda keçirilməsinə, tədbirdə çoxlu sayda insanların iştirakına görə özünü xoşbəxt hiss edir. Bu gün “Sea Breeze” istirahət mərkəzinin fəaliyyətə başlamasının 5 ili tamam olur".
Gecənin fəxri qonaqları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da yer alıb.
Rusiyadan gələn müğənnilər bir-birinin ardınca səhnəyə çıxaraq, mahnılar səsləndiriblər.
Festivalın birinci günündə səhnəyə Diana D., A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları çıxıblar. Gecənin iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, “Arsenium”, Mitya Fomin, Bahhtee, “The Jiggits” yer alıb.
Foto: Pəri ARİFQIZI