İki həftədən çoxdur ki, Türkiyədə olan əməkdar artist Elza Seyidcahan səfərdən qayıdıb.
Axşam.az saytına açıqlama verən müğənni gedişinin məqsədindən danışaraq təəssüratlarını bizimlə bölüşüb:
“İki həftədən çox müddətdir ki, Türkiyədə səfərdəyəm. Bizimlə birlikdə millət vəkili Qənirə Paşayeva və bir çox insanlar da getmişdi. Məqsədimiz Qənirə xanımın yeni kitabını orada tanıtmaq idi. Türkiyənin bir çox şəhərlərində olduq, bizi çox gözəl qarşıladılar. Azərbaycana altı-yeddi diplomla qayıtmışıq. Qənirə xanımın təşəbbüsü ilə Kapadokya, Bolu, Karabük və bir çox yerlərdə konsertlərdə çıxış etdim. Dahi şairələrimiz Nigar Rəfibəylinin 100, Məhsəti Gəncəvinin isə 900 illiyi münasibətilə keçirilən tədbirlərə qatıldıq. Orada “Türkiyə” adlı bəstəmi oxudum, insanlar o qədər bəyəndilər ki, məni alqışlayıb qarşımda baş əydilər. Qənirə xanım çox sağ olsun ki, musiqimizin, ifaçılarımızın tanınması üçün belə gözəl şərait yaratdı. Səfər zamanı bütün xərcləri öz üzərinə götürmüşdü. Gecə-gündüz yol gedirdik, bu şəhərdən o biri əraziyə konsert üçün çatmalıydıq. Hətta orada yıxılıb ayağımı da zədələdim.
Onlara sənətimdən, Qara Qarayev məktəbi keçməyimdən bəhs etdim. Girəsun Universitetinin rektoru Aygün Attar orada mənə “Azərbaycan-Türkiyə sənət və mədəniyyət qardaşlıq” diplomunu verdi. Türkiyədən çoxlu kitablar gətirmişəm. Mənə heyvanların müdafiəsi üçün verdiyim xeyriyyə konsertimə görə nadir tapılan “Qırmızı kitab” bağışladılar”.
Səfərdən xoş təəssüratlarla qayıdan E. Seyidcahan kökəldiyini etiraf edib:
“Bölgələrin valiləri qayıtmağımızı istəmirdi, deyirdilər qalın, yenə də konsertlər verin. Amma dedim ki, qarderobumu yeniləməliyəm. Apardığım bütün libasları konsertlərdə geyinmişdim. Həm də etiraf edim ki, çox kökəldim. Hər yerdə qonaq olurduq, gözəl süfrə açırdılar. Biz də məcbur olub yeməklərdən dadırdıq. İndi pəhriz saxlayıb arıqlayacam, model Elza olub yenidən səfərə çıxacağam (gülür)”.