2026-cı il futbol üzrə dünya çempionatının rekord mükafat fondu açıqlanıb.
Axşam.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın ümumi mükafat fondu tarixdə ilk dəfə 871 milyon dollar təşkil edib.
Turnirin qalibi olan İspaniya millisi kubokla yanaşı rekord məbləğdə pul mükafatı da qazanıb. Komanda mundialdakı çıxışına görə ümumilikdə 53,5 milyon dollar əldə edib. Bunun 51 milyon dolları çempionluq mükafatı, 2,5 milyon dolları isə turnirə hazırlıq üçün ayrılan vəsait olub.
Finalda məğlub olan Argentina yığması 36,5 milyon dollar, üçüncü yeri tutan İngiltərə 32,5 milyon dollar, dördüncü olan Fransa isə 30,5 milyon dollar qazanıb.
FİFA turnirə vəsiqə qazanan 48 milli komandanın hər birinə hazırlıq üçün əvvəlcədən 2,5 milyon dollar ödəyib. Qrup mərhələsində mübarizəni dayandıran komandalar isə ümumilikdə 12,5 milyon dollar gəlir əldə ediblər.
Bundan əlavə, FİFA komandaların logistika xərclərini də öz üzərinə götürüb. Rəsmi nümayəndə heyətlərinin biznes sinif aviabiletləri, beşulduzlu hotellərdə yerləşdirilməsi, qidalanması və daxili nəqliyyat xərcləri qurum tərəfindən qarşılanıb.
Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ümumi mükafat fondu 440 milyon dollar idi. Həmin turnirin qalibi Argentina 42 milyon dollar qazanmışdı. 2026-cı il mundialında isə çempionun mükafatı 51 milyon dollara yüksəldilib.