Noyabrın 12-də ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub.
Axşam.az azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmi izləyib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olub.
Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıb.
Professor Nərgiz Paşayeva çıxışında bildirib ki, Müslüm Maqomayevin adı təkcə Azərbaycanın deyil, Rusiyanın, ümumiyyətlə, bəşəriyyətin tarixinə əbədi daxil olub:
"O, əsl ulduzlar kimi uzun ömür yaşamayıb, bir dəfə səmadan bizim üçün yerə enib və sonra yenidən oraya qayıdıb. Biz həmişə onu böyük insan, sədaqətli dost, əsl ustad, vətənpərvər, daxilən və zahirən gözəl şəxsiyyət kimi xatırlayacağıq. İnsanları bir-birindən ayıran zaman və məkan Müslüm Maqomayevin xatirəsi qarşısında gücsüzdür."
Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmi yüksək qiymətləndirən professor Nərgiz Paşayeva qeyd edib ki, biz Müslüm Maqomayevin səsini və ifasını eşitməyə adət etmişik. Bu filmdə isə həm də onun qəlbinin səsini eşidəcəyik. Filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.
Rektor Nərgiz Paşayeva diqqətə çatdırıb ki, M.Maqomayevin “Mavi əbədiyyət” mahnısını təkcə dəniz haqqında nəğmə adlandırmaq sadəlövhlük olardı:
"Mənə elə gəlir ki, bu mahnı həyatın özüdür, Müslüm Maqomayevin dərk edilməsidir. Biz böyük ustadın, təmiz qəlbli və vicdanlı insanın xatirəsi qarşısında baş əyirik."
Bundan sonra “Beşikdən əbədiyyətə qədər” filmi nümayiş etdirilib.
SSRİ Xalq Artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib:
"Filmin rejissoru Müslüm Maqomayevi yaxından görməsə də, onun ərsəyə gəlməsində böyük zəhmət çəkib və nəticədə uğurlu bir əsər yaradıb. Filmdə gənclik dövrünü əks etdirən kadrlar mənə xoş təsir bağışlayır. Azərbaycan mənim üçün doğma və əziz ölkədir."
Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib.