ATV telekanalının dəb yarışması “Özünə bax” ötən gün üç zövqlü yarışmaçısı ilə yadda qalıb.
Axşam.az-ın məlumatına görə, iştirakçılar – Aynurə, Arzu və İlahə münsif qarşısına çıxıb. Münsiflər - layihənin siması Ruhi Əliyeva, modelyer Afaq, stilist Nasir Babayev və “Passage” dərgisinin rəhbəri Nərminə Ağası hər üç iştirakçının geyim tərzini bəyənib. Aynurə, Arzu və İlahə üçüncü yarımfinala vəsiqə qazanıb.
Veriliş boyunca Afaq və Nərminə arasında gərgin anlar yaşanıb. N. Ağasinin Arzu adlı iştirakçının geyimində etmək istədiyi dəyişikliyi Afaq bəyənməyib. Aradakı gərginliyi sakitləşdirməyə çalışan R. Əliyeva hər peşəkarın özünəməxsus zövqü olduğunu deyib:
“Zövqlər müxtəlif ola bilər. Birinin dəyişikliyi başqasının xoşuna gəlmirsə, bu, normaldır. Burada məqsəd xanıma aksessuarı necə və hansı geyimlə istifadə etməyi öyrətməkdir”.
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Rəşad ABBASOV