Rəqqasə Oksana Rəsulovanın sahibi olduğu “OksiMed” prodakşın tərəfindən lentə alınan “Mələyin öpüşü” filminin qalası keçirilib.
Axşam.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan gecəyə filmin yaradıcı heyəti ilə yanaşı sənət adamları da qatılmışdı.
Melodrama janrında çəkilən ekran işinin premyerasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də iştirak edib.
Əvvəlcə aktyorlar qırmızı xalçaya çıxıb, şəkillər çəkdiriblər. Daha sonra isə onlar zala yollanaraq səhnəyə çıxıblar.
O.Rəsulova çıxış edərək onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib. O, deyib ki, çəkiliş zamanı rəssam Sakit Məmmədovun əsərlərindən istifadə olunub.
İlk dəfə aktyor kimi özünü sınayan Elşad Xose isə həyəcanlı olduğunu gizlədə bilməyib. Reper filmin uğur qazanacağına inandığını söyləyib.
Layihənin quruluşçu rejissoru Əskər Əli Hacızadədir. Filmdə xalq artisti Fuad Poladov, əməkdar artist Şamil Süleymanov, aktrisa Münəvvər Əliyeva, müğənni İlhamə Qasımova, aktyor-aparıcı Şəhriyar Əbilov da rol alıblar.
Gecəyə Fuad Poladovun qatılmaması diqqət çəkib. Oksana bildirib ki, aktyor səhhətindəki problemlə əlaqədar qalada iştirak etməyib.
Qeyd edək ki, F.Poladıv bundan əvvəl də çəkildiyi filmlərin qalasına gəlməyib.
Foto: Nəriman İSMAYILOV