“Nargis Fund” tərəfindən təşkil edilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası ötən gün başlayıb.
Axşam.az-ın məlumatına görə, yarmarka şəhərdə Yeni il ab-havası yaradıb.
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstəriblər. Açılış mərasimində paytaxtımıza gələn turistlər daha çox yer alıb.
Gecənin aparıcılığını Tural Əsədov və Hüsniyə Məhərrəmova edib. Xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, əməkdar artist Ədalət Şükürov və başqaları səhnəyə çıxaraq mahnılar səsləndiriblər.
Artıq beşincisi keçirilən yarmarkadan toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunacaq.
“Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunub. Bu ab-hava yanvarın 15-nə qədər davam edəcək.
Qeyd edək ki, “Nargis” xeyriyyə fondu 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb.
Foto: Ramin ASLANOV