Azərbaycan Milli Kulinariya komandası Türkiyənin İzmir şəhərində keçirilən 30 ölkənin iştirak etdiyi “EPAD Kemalpaşa Best Cook Fest 2019”dan qalibiyyətlə dönüb.

Axşam.az xəbər verir ki, 10 nəfərlik nümayəndə heyətinin rəhbəri isə Tahir Əmiraslanov olub. Onlar festival barədə “Halikarnas balıkçısı” restoranında mətbuat konfransı keçirərək məlumat veriblər.

Əmiraslanov çıxışı zamanı yarışların ilk günündə münsif heyətinə kapitanlıq etdiyini açıqlayıb. Sonrakı günlərdə isə jüridə əyləşənlər sırasında komandamızın üzvü Leyla Kərimli və Eyyub Niyazov olub. Komanda yarışlarında isə ölkəmizi “Halikarnas balıkçısı”nın üzvləri təmsil edib. Komanda yarışlarda qızıl medal, qara qutu yarışlarında isə ikincilik qazanıb. Ümumilikdə “Halikarnas balıkçısı” komandasının üzvləri Elmar Əliyev və Vurğun Hacızadə 6-sı qızıl olmaqla, 9 medalın sahibi olublar.



Tahir Əmiraslanov yarışların olduqca çətin keçdiyini də dilə gətirib:
 
“Orada ən xırda detallara da diqqət etmək lazım idi. Yarım saat vaxt verilirdi, o zaman kəsiyi ərzində yemək hazır olmalı idi. Əgər isti yeməyi soyuq boşqabda servis edirdinsə, bu, balın aşağı düşməsinə rəvac yaradırdı. Ona görə də düşünürəm ki, komandamız uğurlu nəticə əldə edib. Baxmayaraq ki, onların çoxu hələ tam aşpaz deyil və müəyyən yol qət etməlidirlər. Gələn il bütün qızıl medalları almağı düşünürük”.

Qeyd edək ki, komandanın digər üzvləri Gülnar Mahmudzadə, Lamiə Nəsirova, Gülnur Nağızadə və Mirmövsüm Dadaşov fərdi yarışlarda medallar qazanıb. Ümumilikdə isə komandamız 16 medal və 1 kubokla ən yüksək nəticəni göstərib. Festivalın sonunda iştirakçılar və təşkilatçılar Azərbaycan Milli Kulinariya Assossasiyasının (AMKA) diplomları ilə təltif olunub. EPAD-ın rəhbərinə AMKA-nın plaketi və milli mətbəximizə aid kitab hədiyyə ediblər.

Qeyd edək ki, “Halikarnas balıkçısı”nda baş tutan tədbir Şuşanın işğal gününə təsadüf etdiyindən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Foto: Şükür Verdiyev
 
 
 
 
 
 
 


                 

Digər