Akademik Milli Dram Teatrın 100 illiyi qeyd olundu

Akademik Milli Dram Teatrın 100 illiyi qeyd olundu
3452 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olub və görkəmli aktyorlarımızın tarixi rolları canlandırarkən istifadə etdikləri geyimlərə baxıblar.

Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə reallaşıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Akademik Milli Dram Teatrının 1919-cu il oktyabrın 24-də dövlət statusu aldığını vurğulayan nazir deyib ki, bununla da Azərbaycan teatrının yeni tarixi başlayır. Nə gözəldir ki, müstəqil Azərbaycan bu tarixi yaşadır və gələcəyə doğru aparır.

Gecədə Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin, Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinin, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodinin təbrikləri səsləndirilib.

Mərasimdə, eyni zamanda, teatrın 100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim edilib.Gecə musiqili proqramla davam edib.