Nərgiz Paşayeva sərgidə

Nərgiz Paşayeva sərgidə
3472 dəfə oxunub
  • A-
  • A
  • A+

Cümə günü Bakıda Müasir İncəsənət Muzeyində Almaniyanın foto-rəssamı xanım Helqa Perisin sərgisi açılıb.

Sərgi Heydər Əliyev Fondu və Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Müasir İncəsənət Muzeyi, Almaniyanın Xarici Ölkələrlə Əlaqələr İnstitutu (IFA) və Höte adına Almaniya Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.

Trend-in məlumatına görə, sərginin açılışında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "Üns" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, YARAT! Müasir İncəsənət Məkanı təşkilatının təsisçisi Aida Mahmudova, diplomatik missiyaların nümayəndələri, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Aida Mahmudova sərginin açılışında iştirakçıları, o cümlədən Almaniyadan olan qonaqları salamlayaraq ölkələr arasında mədəni əlaqələrin gələcək inkişafı çərçivəsində sərginin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Almaniyanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Volfqanq Mosimqer bildirib ki, belə sərgilərin keçirilməsi gələcəkdə mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edir.

"75 yaşlı Helqa Perisin yaradıcılığı Almaniya foto-incəsənətində xüsusi yer tutur. Peris 30 ildən artıq müddətdir ki, öz işlərində Almaniya xalqının tarixini, onun arzu və ümidlərini əks etdirir", - o qeyd edib.

Helqa Perisin Bakıdakı sərgisində təqdim edilən 140 fotoşəkildə Almaniyanın insanları və şəhərləri ölkənin müxtəlif ağır tarixi dövrlərində - İkinci Dünya müharibəsinin başa çatması, Almaniyanın 1949-cu ildə iki dövlətə bölünməsi, almanların Almaniya Demokratik Respublikasında həyatı və s. - əks olunub.
"Foto-rəssam insan mimikası, jest və emosiyalarına, onun ətraf aləmdəki baxış və vəziyyətinə xüsusi diqqət yetirir. O, sadə insanları, əslində isə öz əsərlərinin çox maraqlı qəhrəmanlarını dağılmış evlərdə, köhnə kafelərdə və ya baxımsız küçələrdə göstərir. Bununla belə, ətrafdakı cisimlərə xüsusi diqqət yetirir. Bu, rəssamın baxışı və fotoşəkillərdə əl çapı yolu ilə təsvir edilən həyat hekayəsidir. Təəssüf ki, Helqa Peris səhhəti ilə əlaqədar Bakıya gələ və burada əsərlərini şəxsən təqdim edə bilmədi. Lakin biz onun adından təqdim edilən imkana görə təşəkkür edirik", - IFA-nın nümayəndəsi Lus Birkhols qeyd edib.

Sərginin kuratoru Höte adına Almaniya Mədəniyyət Mərkəzinin mədəni layihələrinin nümayəndəsi Səbinə Şıxlinskaya qeyd edib ki, sərgi bütün dünyada nümayiş etdirilir və Almaniya foto-incəsənətinin möhtəşəm nümunəsidir

"Xüsusilə qeyd etmək istərdim ki, bu sərginin təşkil edilməsinin əsas amili onun keçirildiyi yer - Müasir İncəsənət Muzeyidir. Muzey müdiriyyətinə və əlbəttə ki, Helqa Perisin işləri və və bu muzeydə təqdim edilən kolleksiya arasında böyük həmahəngliyi, yəni mədəniyyətlərin özünəməxsus dialoqunu görən Aida Mahmudovaya dərin təşəkkür etmək istərdim. Helqa Perisin işləri 70-80-ci illərdə yaradılıb, Müasir İncəsənət Muzeyinin mirvariləri isə Azərbaycanın Əşrəf Murad, Rasim Babayev, Kamal Əhməd, Cavad Mircavadov və həmin illərdə öz şedevrlərini yaradan digər rəssamların əsərlərindən ibarətdir. Buna görə də Müasir İncəsənət Muzeyinin müdiriyyətinin Azərbaycan və Almaniyanın incəsənət tarixini bir araya gətirməsini möhtəşəm ideya hesab edirəm", - Səbinə Şıxlinskaya deyib.

Helqa Peris 1938-ci ildə Pomeraniyada anadan olub, hazırda isə Berlində yaşayır. 1972-1990-cı illərdə Almaniya Demokratik Respublikasının Təsviri İncəsənət Assosiasiyasının üzvü olub, 1996-cı ildən etibarən Berlin İncəsənət Akademiyasının üzvüdür.
Sərgi mayın 3-dək davam edəcək.