Kukla Teatrında "Şəngülüm, Məngülüm" olacaq

Kukla Teatrında "Şəngülüm, Məngülüm" olacaq
1375 dəfə oxunub
  • A-
  • A
  • A+
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, məşhur Azərbaycan xalq nağılı “Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında hazırlanan tamaşa “Şəngülüm, Məngülüm” adlanır. Teatrın rejissoru Anar Məmmədovun quruluş verdiyi mono kukla tamaşası noyabrın sonlarında teatrsevərlərin ixtiyarında olacaq.

Quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahan olan tamaşanın ifaçısı Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı "Şəngülüm, Şüngülüm və Məngülüm" mənzum nağılından seçilib.

Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar – çıxış edəcək.

Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.