Dünya şöhrətli, məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Bu barədə Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. 14 və 15 noyabr tarixlərində saat 19.00-da Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, Robert Sturua dünyada tanınan bir rejissordur: "Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır".

Qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşasını izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.