Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) növbəti səfərə hazırlaşır. Teatr bu dəfə yanvarın 18-dən 25-dək Tehranda 36-cı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

ADGTT-nin mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, sənət ocağı sözügedən festivala teatrın direktoru əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə qatılacaq.

Teatr festivalda “Cəza” təkadamlıq oyun tamaşasını nümayiş etdirəcək. Psixofizioloji gərginlikdən yoğrulmuş yeni səhnə təcəssümü – “Cəza” monotamaşasında yaradıcı heyət (müəllif – Tamara Vəliyeva, quruluşçu rejissor əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar artist Kəmalə Hüseynova) seyrçilər üçün elə bir mənzərə yaradır ki, sanki uzun bir teleseriala baxırsan. Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati davranış tərzləri, xarakterləri insanlığa – bəşəriyyətə münasibətləri göz önündə canlanır.

Bu psixofizioloji gərginlik mövzu və ideyası baxımından təkcə ölkəmiz üçün deyil, həm də bütün müasir dünyanın psixoloji ab-havasını əks etdirir. Belə təcəssüm məişət dramı səviyyəsindən sosial yüklü çox yüksək pilləyə sıçrayır ki, bununla da dramaturq məqsədi, tamaşanın ideyası qloballaşır və bütün mətnaltı mənaları ilə sekulyarlaşır.

Qeyd edək ki, sözügedən tamaşa ötən mövsüm Başqırdıstanın paytaxtı Ufada keçirilmiş Türkdilli xalqların “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş olunaraq xarici teatr mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.



                   

Digər Xəbərlər