İş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə ərsəyə gətirilən “Ağır Romantik” filminin Bakıda qala gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, bir sıra tanınmış simaların, iş adamları və media nümayəndələrinin yer aldığı ekran işinin təqdimatında iştirak etmək üçün türkiyəli aktyorlar - Onur Tuna və Tuvana Türkay da ölkəmizə gəliblər.

Bakıya gəlişinin ilk olduğunu deyən Onur belə bir layihədə yer aldığı üçün məmnunluğunu ifadə edib:

“Bakıya ilk gəlişimdir. Həqiqətən gözəl şəhərdir. Həm memarlıq, həm də qonaqlara münasibət baxımından Bakı möhtəşəmdir. Bir iş hazırladıq, sizə təqdim etdik. Ümid edirəm, bəyəndiniz”.

Filmdə Tunanın tərəf müqabili olan Tuvana da tamaşaçılarla həm ölkəmiz, həm də film haqqında təəssüratlarını paylaşıb, çəkiliş zamanı göstərdiyi diqqətə görə Ruhi Əliyevaya təşəkkürünü bildirib:

“Ruhi xanıma xüsusi təşəkkür edirəm. Çünki istər burada, istərsə də Türkiyədə çəkilişlər zamanı nə istədik ən gözəl şəkildə təşkil etdi. Filmin təqdimatı həm “Sevgililər günü”nə, həm 8 Mart Beynəlxalq Qadınlar bayramına, həm də Ruhi xanımın doğum gününə özəl təqdim olundu. Biz də Türkiyənin ağır dönəmlər keçirdiyi vaxtlarda həmişə ona dəstək olan Azərbaycana gəlməyi və şəxsən sizlərə təşəkkür etməyi özümüzə borc bildik. Mənim də Bakıya ilk gəlişimdir. Sizi çox sevdim, çox pozitivsiniz”.

Ruhi Əliyeva isə ekran işinin ərsəyə gəlməsində daim onun yanında olan və dəstək göstərən komandasına təşəkkür edərək, 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə xanımları təbrik edib.

Qeyd edək ki, filmdə eyni zamanda Altan Erkekli, Qazanfer Gündüz, Səmra Dinçer, Sərvət Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simaları da görmək mümkündür.

Ekran işinin ilk qala gecəsi bu ilin fevralın 14-də Türkiyədə keçirilib.

Foto: Ramin Aslanov

 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti