Mədəniyyət Nazirliyi 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında

Mədəniyyət Nazirliyi 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında
270 dəfə oxunub
  • A-
  • A
  • A+

BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 12-13 dekabr tarixlərində Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda  4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir.

Axşam.az xəbər verir ki, konfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır.

Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Səfər çərçivəsində Vasif Eyvazzadə UNESKO-nun baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koiçiro Matsuura və bir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irs, həmçinin yaradıcı sənayelər sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıb.

UNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə həmçinin “Bakı Prosesi”, Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu müzakirə edilib. Xinq Qu qeyd edib ki, o, 2018-ci ildə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və Bakıdan xoş təəssüratlarla ayrılıb.