Müzəffər Ağamalızadənin 80 illiyi keçirilib - Fotolar

 Müzəffər Ağamalızadənin 80 illiyi keçirilib - Fotolar
335 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 29-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli fleyta ifaçısı, Xalq artisti, professor Müzəffər Ağamalızadənin anadan olmasının 80 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Axşam.az xəbər verir ki, əvvəlcə Xalq artistinin həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, 1940-cı il yanvarın 23-də Bakıda anadan olan Müzəffər Ağamalızadə 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrində ifaçılığa başlayıb. 1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı olub. M.Ağamalızadə 1972-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrində də çalışıb. 1975–1978-ci illərdə o, Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilib, burada həm dərs deyib, həm də konservatoriyanın orkestrində solist kimi çalışıb. M.Ağamalızadə, həmçinin 1992–2002-ci illərdə Türkiyədə universitet orkestrində solist və pedaqoq olaraq çalışıb. Hazırda o, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fəaliyyət göstərir.

Sonra konsert proqramı təqdim olunub. Konserti Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Gənc solistlər bir çox xarici bəstəkarların əsərlərinə müraciət ediblər.