“Gəncliyin səsi” festivalı keçiriləcək

“Gəncliyin səsi” festivalı keçiriləcək
467 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi tərəfindən fevralın 1-dən 5-dək ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, festival Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər Günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunacaq.

Festival fəal və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Fevralın 2-də Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə “Açıq qapı günü” elan ediləcək.

Fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək. Açılış mərasimində gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi təşkil olunacaq, fəal və istedadlı gənclər mükafatlandırılacaq.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqlarından ibarət konsert proqramı təqdim olunacaq.

Fevralın 1-dən 5-dək Bakı şəhərində və regionlarda Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək.