Məşhur müğənni Rikki Martin haqqında qaldırılan ittihamlardan azad edilib.
Axşam.az xəbər verir ki, ifaçının qardaşı oğlu 21 yaşlı Dennis Yadiel Sançes onunla bağlı məhkəmə iddiasını geri götürüb. Belə ki, Martinin vəkilləri Sançesin ruhi xəstə olduğunu əsas gətirərək bütün ittihamları rədd ediblər. Məhkəmə Martinin xeyrinə olaraq prosesə xitam verib.
"Prokuror məhkəmədə təsdiqləyib ki, işə xitam verilməsi barədə qərar Sançes tərəfindən müstəqil, heç bir kənar təsir və təzyiq olmadan qəbul edilib. O, məhkəməyə işin bağlanması barədə vəsatət göndərib. O, sadəcə olaraq heç bir sübut olmadan yalan iddialar irəli sürən problemli bir insandır. Biz şadıq ki, haqq-ədalət öz yerini tapdı və müştərimiz öz həyatında və karyerasında irəliləməyə qadirdir" deyə, Martinin vəkili bildirib.
Qeyd edək ki, Sançes daha əvvəl əmisi ilə aralarında münasibət olduğunu deyib. O, iddia etmişdi ki, Martin əlaqələri bitəndən sonra onu təqib edib. Müğənninin təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 50 ilədək həbs cəzası gözlədiyi deyilirdi.