Kraliça II Elizabetin Ginnes rekordları...

Kraliça II Elizabetin Ginnes rekordları...
1414 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də 96 yaşlı Britaniya kraliçası II Elizabet vəfat edib. 70 il öncə taxtda əyləşən Kraliça II Elizabet aradan keçən uzun müddət ərzində dəfələrlə Ginnes Rekordlar Kitabına düşüb.

Axşam.az xarici mediaya istinadən Kraliçanın Ginnes rekordlarını təqdim edir:

II Elizabet 21 dekabr 2007-ci ildə həyatının 81 il 244-cü günündə Britaniyanın ən yaşlı Kraliçası ünvanının sahibi olub.

Bundan başqa, o, dünyanın ən uzun müddət hökm edən Kraliçasıdır. II Elizabet 9 sentyabr 2015-ci ildə 63 ildən çox taxtda oturan hökmdar kimi Kraliça Viktoriyanın səltənət müddətini geridə qoyub.

Həmçinin, o, 2015-ci ildə rekordun öncəki sahibi Səudiyyə Ərəbistanının kralı Abdulla Bin Əbdüləziz əl-Suudun 90 yaşında ölməsi ilə dünyanın ən yaşlı hökmdarı olub. Kraliça dünyanın dördüncü ən uzunmüddətli hökm sürən hökmdarı olmaqla yanaşı, ən uzun müddət taxtda oturan şəxsdir.

Ginnes Rekordlar Kitabına görə kraliça eyni anda 16 azad ölkənin qanuni hökmdarı olub. Bu da onu dünyanın ən güclü qadınları sırasında ilk pilləyə yüksəldib. Kraliçanın rolu simvolik olsa da, 139 milyondan çox şəxs onu hökmdar olaraq tanıyıb.

Bildirilir ki, kraliçanın görüntüsü ən az 35 fərqli ölkənin dəmir pulunda yer alıb. Bu say Kraliça Viktoriya üçün 21, Kral Corc V üçün isə 19 idi.

“The Sunday Times” qəzeti 2012-ci ildə Kraliçanın sənət əsərləri, zinət əşyaları və mülklər də daxil olmaq üzrə sərvətinin 504 milyon dollar olduğunu bildirib.