96 yaşında dünyasını dəyişən Kraliça II Elizabetin ölümündən sonra Şahzadə Harri və həyat yoldaşı, hersoginya Meqan Markl "Netflix" çəkiliş qrupu ilə ciddi münaqişə yaşayıb.
Axşam.az xəbər verir ki, "Page Six"in məlumatına görə, buna səbəb cütlüyün kraliçanın dəfnindən sonra haqqlarında çəkilən sənədli serialda dəyişiklik etmək istəməsi olub. Belə ki, onlar iki ildir çəkilən və Kral III Çarlz, Kraliça Konsort Kamilla, Uels Şahzadəsi Uilyam və həyat yoldaşı Şahzadə Keyt Middlton haqqında açıqlanan detalları ehtiva edən layihənin bəzi epizodlarının məzmunu ilə razılaşmırlar. Harri və Meqanın fikrincə II Elizabetin ölümündən sonra onların ifşası uyğunsuz görünəcək.
Bununla belə, "Netflix" məzmunu saxlamaq istəyir və layihəni ləğv etmək fikrində deyil. Üstəlik, şirkət serialın dekabrda yayıma hazır olmasında israrlıdır.
Həmçinin, saraya yaxın mənbələr bildirib ki, Böyük Britaniyadan ayrıldıqdan sonra Şahzadə Harri və Meqan kral ailəsinin üzvləri ilə yaxşı münasibətdə deyillər.
Qeyd edək ki, sözügedən serialın növbəti mövsümünün ilk bölümü noyabrın 9-da yayımlanacaq.