Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest iki il əvvəl polis tərəfindən öldürülən afroamerikalı Corc Floyd haqqında səsləndirdiyi fikirlərə görə məhkəməlik olub.
Axşam.az xəbər verir ki, ifaçı çıxışlarının birində Corcun səlahiyyətlərini aşan polisin vəhşiliyi ucbatından deyil, narkotik maddə qəbulu səbəbindən dünyasını dəyişdiyini iddia edib. Bundan başqa o, polisin Corcun boynuna dizi ilə basmadığını və bunun onun ölümünə səbəb olmayacağını bildirib.
Bu səbəbdən afroamerikalının ailəsi "Ye"ni məhkəməyə verib.
Qeyd edək ki, Corc 2020-ci ilin mayında ABŞ-ın Minneapolis şəhərində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişib. Belə ki, Floyd nəfəs ala bilmədiyini söyləməsinə baxmayaraq, zabitlərdən biri ayağını doqquz dəqiqədən çox onun boğazına sıxaraq saxlayıb. Oksigen çatışmazlığı səbəbindən o yerindəcə həlak olub. Buna səbəb olan polis əməkdaşı 21 il müddətinə azadlıqdan məhrum edilib. Hadisənin ardından iğtişaşlar və yürüşlər təşkil olunub. Etirazçılar arasında bir çox məşhur da yer alıb. Maraqlı məqamlardan biri isə "Ye"nin özünü də bu yürüşlərdə iştirak etməsi olub.
