Cennifer Boyner "Sehirli anam" serialında canlandırdığı Toprak obrazı ilə hər kəs tərəfindən tanınıb. Boyner hazırda model və sosial media fenomeni kimi fəaliyyət göstərir.
Axşam.az xəbər verir ki, aktrisa güclü layihə ilə ekrana qayıtmaq istədiyini deyib.
Hazırda 22 yaşı olan Boyner “Çox böyük bir ailədə böyümüşəm. Biz 6 bacıyıq, ən böyüyü mənəm. Bu evdə bacı olmaq mənim üçün çox qiymətlidir. Atam nigeriyalı, anam türk olduğundan iki mədəniyyətin qarışığı olan ailə quruluşumuz var. Bizi çox fərqli və azad düşüncə strukturları ilə böyüdüblər. Biz həmişə xoş və fərqli ailə olmuşuq. Ata tərəfində musiqi və rəqs çox önəmlidir. Təlim olmadan onların fitri rəqs istedadları var. Bizə keçdi. Atam səhərlər Bob Marleyin mahnısını qoyub rəqs edirdi” deyə, söyləyib.
O, aktrisalıq peşəsinə davam etməməsinin səbəbini açıqlayıb:
"Litseyə gedəndə seriallara ara vermək istəyirdim. O vaxt dərslərim çox gərgin idi. Məktəblə kamera qarşısına qaçmaq çətin oldu. Teatrla məşğul olmağa başladım və özümü təkmilləşdirdim”.

