Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uestlə "Adidas" brendi arasındakı əməkdaşlığın sonlandırılması səbəbindən o milyarder statusunu itirib.
Axşam.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Şirkət rəhbərliyi musiqiçinin yaratdığı "Yeezy" brendi altında malların istehsalını dayandırdığını açıqlayıb. "Cowen" investisiya bankının məlumatına görə, bununla da iş adamı 2 milyard dollar kapitalının 1,5 milyard dollarını təşkil edən ən böyük müqaviləsini itirib.
"Belə olduğu halda Uest milyarder hesab olunmayacaq" deyə, "Forbes"in açıqlamasında bildirilib. İfaçı özü isə hələlik məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, "Adidas" oktyabrın 25-də ifaçı ilə əməkdaşlığa son qoyub. Bu qərar onun qalmaqallı davranışından sonra brendi tənqid atəşinə tutması səbəbindən verilib.