İranda daha bir aktrisa - Təranə Əlidusti saxlanılıb.
Axşam.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, aktrisa yalan və təhrif olunmuş məzmun dərc etmək, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunub.
Xatırladaq ki, Təranə bir müddət əvvəl ölkədəki etirazçılara dəstək olmaq üçün hicabsız fotosunu yaymışdı.
Qeyd edək ki, Təranə kareyerasına baş rolunu canlandırdığı "Mən Təranəyəm, 15 yaşım var" filmi ilə 17 yaşında debüt edib. Bu ekran işi ona Lokarno Film Festivalında ən yaxşı aktrisa kimi "Bürünc bəbir", həmçinin, Fəcr Film Festivalında ən yaxşı aktrisa kimi "Büllur simurq"u qazandıraraq onu bu mükafatın ən gənc laureatı edib. Ona məşhurluq qazandıran isə 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə "Oskar" mükafatını alan "Satıcı" filmindəki rolu olub.
Təranə 2017-ci ildə keçmiş Amerika Prezidenti Donald Trampın iranlılara viza məhdudiyyəti qoymaq planlarına etiraz olaraq 89-cu Akademiya Mükafatlarını boykot etmişdi.
Onu da qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 20 yaşlı Hədis Nəcəf, 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi də öldürülüb.
Saxlanılanlar arasında Henqame Qaziani və Ketayun Riahi adlı iki iranlı aktrisa da var. Eyni zamanda Möhsün Şikari adlı ifaçı isə edam edilib.