Türk mediası Yalçın Alınak və Nihat Usta adlı iki şəxsdən yazıb. Hər iki ata Malatyada dağılan binalarının yanından bir saniyə belə ayrılmır.
Axşam.az xəbər verir ki, hər iki ata daşı, dağıntıları əlləri ilə eşələyib göz yaşı içində övladlarını axtarırlar.
Yalçın Alınakın dağıntılar altında iki qızı və həyat yoldaşı qalıb. "15 yaşındakı qızım Havin dağıntıların altından "Ata, buradayız" deyə, səsləndi. Birinci zəlzələdə küçəyə çıxmışdılar, danışdım. Dedilər, evdə heç nə yoxdu, ancaq boya çatlayıb. Özüm Bingöldə idim. Evə girib, yatacaqlarını dedilər. Günorta baş verən ikinci zəlzələdən sonra bina dağıldı" deyə, Yalçın söyləyib.
Nihat Usta da dağıntıları əlləri ilə qazaraq 21 yaşlı qızını və həyat yoldaşını axtarıb. "İş başında idim, gələndə binanın yerlə bir olduğunu gördüm. Qızımın otağına bir deşik açıldı, paltaryuyan maşının ora gedib çıxdığını gördüm. Hələ də ailəmdən xəbər yoxdur" deyə, Nihat söyləyib.
