Bakıdakı gözəllik salonlarına xəbərdarlıq edildi

Bakıdakı gözəllik salonlarına xəbərdarlıq edildi
4272 dəfə oxunub
  • A-
  • A
  • A+
Paytaxtda fəaliyyət göstərən bir neçə gözəllik salonunda standartın tələblərinin pozulduğu aşkar edilib.

Axşam.az xəbər verir ki, bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən, fiziki şəxs Zeynalova Məsumə Abdulla qızına məxsus “VİP Şadi Studio” və Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən fiziki şəxs Nadejda Stupnitskaya Dimitriyevnaya məxsus “Lady house” gözəllik salonlarında göstərilən xidmətlərin standartın tələblərinə uyğunluğu araşdırılıb.

Aparılan yoxlamalar zamanı hər iki gözəllik salonunda xidmət zamanı istifadə olunan müxtəlif əmtəə nişanlı saç boyalarının, saç kremlərinin, dırnaq laklarının və digər kosmetik vasitələrin uyğunluq sertifikatlarının olmadığı aşkar edilib. Bundan başqa kosmetik vasitələrin üzərində Azərbaycan dilində məlumatların əks olunmadığı müəyyənləşib. Həmçinin, müəssisədə çalışan personalın tibbi kartları və peşə təhsilini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib.

Sözügedən gözəllik salonlarında aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə xəbərdarlıq edilib.