Şahzadə Uilyam və Keyt Middlton Londonun qərbindəki Hayes Müsəlman Mərkəzini ziyarət ediblər.
Axşam.az xəbər verir ki, orada onlar Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkən insanlar üçün ianə toplayan könüllülərlə görüşüblər.
Keyt xeyriyyə təşkilatlarının nümayəndələri ilə görüşə qara "Alexander McQueen" brendindən olan paltar və sürməyi "Ketrin Uoker" paltosu geyinib. Müsəlman mədəniyyətinin adət-ənənələrinə hörmətlə yanaşan Uels şahzadəsi Pakistanın "Elan" brendinin qara tikmələri olan ağ örtüklə başını bağlayıb və qapalı məkanda ayaqqabılarını çıxarıb.
Tədbir zamanı kral cütlüyü təbii fəlakət bölgəsindən yenicə qayıdan böhran mərkəzinin mütəxəssisləri ilə söhbət edib, Türk Qadınlar Dərnəyi ilə birlikdə şəfa və ümid rəmzi olan kağız durnaların yaradılmasında iştirak ediblər.
Bir çox media Keytin icma liderlərindən biri İman Süfyan İqballa tanış olduğu zaman düşdüyü xoşagəlməz vəziyyətdən yazıb. Məsələ burasındadır ki, Uels şahzadəsi əlini kişiyə uzadıb, lakin o, əlini sıxmaqdan imtina edib, əksinə, əlini ürəyinə sıxıb başını aşağı salıb. Keyt tez səhvini anlayıb və oxşar jestlə cavab verib.