Rusiyada Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov) konsertlərinin qadağan edilməsi tələb olunur.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı “Ədalətli Rusiya” partiyasından olan Dövlət Dumasının deputatı Yana Lantratova ölkənin Baş Prokurorluğuna müraciət edib.
“Baş Prokurorluğa, Moskva merinə və Sankt-Peterburq qubernatoruna Ukrayna Silahlı Qüvvələrinə açıq dəstək verən reper Jah Xalibin Rusiyada konsertlərinin qadağan edilməsi xahişi ilə müraciət etdim" deyə, deputat teleqram hesabında yazıb.
Həmçinin, reperi “Ukrayna terrorçularının şəriki” adlandıran musiqiçi Akim Apaçev də eyni məsələ ilə bağlı rəsmi qurumlara müraciət ünvanlayıb.
Rusiyanın mədəniyyət naziri Lyubimova Olqa Borisovna da Xalibin Rusiyadakı konsertlərinin Ukrayna ordusuna dəstək olması və mümkün sponsorluq iddiaları ilə bağlı ləğv edəcəyini bildirib.
Hazırda reperin ən yaxın tarixdə - aprelin 23-də keçirilməsi planlaşdırılan konsertinin ləğvi ilə bağlı rəsmi açıqlama yoxdur. "Crocus City Hall"ın nümayəndəsi konsertlə bağlı açıqlamasında "Jah Xalibin çıxışı olacaq. Konsertin ləğv olunacağı ilə bağlı hazırda məlumat yoxdur” deyə, vurğulayıb.
Reper özü isə məsələ ilə bağlı hələlik hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Xalibin sözügedən paylaşımında "Biz yerindəyik. Kiyevdəyik. Sığınacaqlarda. Canlı, sağlam... Həyəcanlanmayın. Biz heç yerə getmirik. Ukraynalılar, indi mən sizi təkcə sevmirəm, həm də sizə heyranam" deyə, bildirilmişdi.
Onu da qeyd edək ki, reper aprelin 23-də və noyabrın 25-də Moskvada, aprelin 25-də isə Sankt-Peterburqda konsertlər verməlidir.
