Elxan Qasımovun xatirəsi yad edildi - Foto

Elxan Qasımovun xatirəsi yad edildi - Foto
799 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə, mərhum aktyorumuz, Azərbaycanın Əməkdar artisti, kinorejissor Elxan Qasımova həsr olunmuş xatirə gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, Elxan Qasımovun baş rolların birində iştirak etdiyi “Əhməd haradadır”? bədii filmindən kadrlar nümayiş olunub.

Sonra tədbirdə çıxış edən “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə Elxan Qasımovla olan dostluğundan, onun həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, E.Qasımov ADİİ-nin aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nin Rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır?" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bildirilib ki, çoxlu sayda bədii filmdə çəkilən E.Qasımov, eyni zamanda, bir neçə bədii filmin də müəllifi olub. O, bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.

Tədbirdə Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanov, dramaturq Əli Əmirli, Əməkdar jurnalist Mətanət Ağamirova, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva və digərləri mərhum aktyorla bağlı xatirələrini bölüşüblər.

Sonda Elxan Qasımovun ailəsi adından çıxış edən Qalib Qasımov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.